Mado

“Pəncərə” restoran şəbəkəsinin növbəti nümayəndəsi Nəriman Nərimanov prospektində, “New World” supermarketin yaxınlığında yerləşən Mado restoranıdır. Mado yaponca pəncərə deməkdir. Bu şəbəkədən olan Finestra restoranı haqqında artıq bloqumuzda post var, Pəncərə restoranı haqqında məlumat almaq üçün isə gələcək postlarımızı izləyin.

Mado demək olar ki, Bakıda mənim ən sevimli restoranımdır. Ona görə Mado haqqında xüsusi həvəslə yazıram.

Post-sovet məkanında bir sıra suşi simpoziumlarında iştirak etdiyimdən və Azərbaycanın əməkdar suşişünası olduğuma görə Mado restoranında məni ən çox maraqlandıran suşidir. Suşi sözü yapon dilində - “sirkəli düyü” deməkdir, çiy balıq isə saşimi adlanır. Beynəlxalq aləmdə həmin düyünün, balığın və müxtəlif tərəvəzlərin sintezindən yaranmış delikatesə də suşi deyirlər.


Bakıda bir neçə yerdə suşi sifariş etmək olar: Mado, Taboo, Kill Bill. Hətta Xəqani küçəsində yerləşən Art restoranında menyüdə lüllə-kəbabdan sonra Suşi – “yapon çiy balığı” var, amma fikirləşmirəm ki, onu nəvaxtsa kimsə sifariş edib). Son zamanlara qədər Robata bar və Okasaki kimi restoranlar da fəaliyyət göstərirdi. Bakıda bütün mümkün olan və mümkün olmayan yerlərdə suşi dadanan sonra tam əminliklə sizə bildirirəm ki, Bakıda ən yaxşı suşi Mado restoranında verilir. Mado restoranında suşi seçimi genişdir. Amerikada populyar olan Kaliforniya suşisi, Filadelfiya suşisi və daha klassik Yapon mətbəxindən olan Qızıl balığı Niqiri Suşisi, Krevet Niqiri Suşisi, Qızıl balığı roll-u, Unagi (qızardılmış angil) suşi, Ikura gunkan (qırmızı kürü) maki suşi və s.
Madoda suşuni həm ayrı-ayrı (bir porsiyada 4-6 dənə) və yaxud assorti şəkilində sifariş etmək olar. Assorti şəkilində sifariş olunmuş suşi “model gəmi” üzərində verilir və olduqca maraqlı görünür. Suşini yeyib həzm edəndən sonra ürəyimdən həmin gəmiyə minib Yapon dənizinə səyahətə çıxmaq arzusu keçdi. Uşaqlıqda baxdığım “Söqun” filmindən xatirələr məni bürüdü.

Madoda Suşini hazırlayanlar Filippinlilərdir. Onları ilk dəfə görəndə elə bildim ki, sırf xarici görünüşlərinə görə (yaponlara oxşarlığına görə) dəvət olunub. Amma sonradan xəbər tutdum ki, onlar əvvəllər Bakının müxtəlif restoranlarında işləyib və ad qazanıblar suşini dadandan sonra isə ümumiyyətlə fikrimdən döndüm. Maraqlısı odur ki, Moskvanı bürümüş “Suşi-bar epidemiyası” zamanı yaranmış minlərlə müəssisələrdə suşi-ustasına “Yapon abhavası” vermək üçün Buryatiyadan və Rusiyanın digər əyalətlərindən “qıy gözlü” insanları tapırdılar.

Suşi haqqında yeganə narahatlığım isə onun düzəldilməsinin mürəkkəbliyidir. Bəzi saşiminin tərkibində merkuriyum kimyəvi maddəsi var ki, bir suşi porsiyasına insan üçün 2 həftəlik merkuri dozasını qəbul etmiş olursan. Ümumiyyətlə çiy balıq və digər məmulatların qəbulu mədə-bağırsaq sistemi üçün diarreya, disbakterioz və daha ciddi xəstəliklərə gətirə bilər. Bundan əlavə olaraq suşi ilə birlikdə yeyilən soy sousu olduqca duzludur və normadan artıq qəbul insan orqanizminə zərərli ola bilər. Belə ki, suşi yeyəndə siz hər zaman suşi-ustanızın peşəkarlığına əmin olmalısınız ki, yediyiniz burnunuzdan gəlməsin. 3 il əvvəl Yaponiyadan Suşi-masterlər Moskva şəhərində suşi-barların “yoxlamasını” aparmışdılar, nəticədə bəlli oldu ki, həmin barların 70%-dən çoxunda suşi yemək ümumiyyətlə insanın səhhətinə zərərdir, maraqlıdır Bakıda belə yoxlama aparsalar nəticə necə olar?

Suşi mövzusundan bir az uzaqlaşsaq (yapon restoranı haqqında yazanda suşidən uzaqlaşmaq olduqca müşkül məsələdir) qeyd etmək lazımdır ki, restoranda digər yeməklərdə var. Yapon, Çin və Koreya mətbəxindən olan xörəklərin geniş çeşidləri sizin seçiminizdədir. Yeməkləri təsvir etməyəcəm, özünüz görərsiniz, amma Asiya mətbəxində yaxşı tanınmış “fried dumplings”-ı (yəni qızardılmış düşbərəni) hamınıza məsləhət görürəm.

Madoda dizayn, təmizlik və servis yüksək səviyyədədir. Atmosfer “Avropalaşmış” yapon stilindədir. Divar kağızları, işıq və garsonların uniforması olduqca zövqlü və ahəngdardır. Bəzi divarlarda ənənəvi yapon samuray xəncəri olan “katana”lar asılıb. Restorandakı otaqlara nəzər salanda düşündüm ki, burada güzgülərdən daha çox istifadə etmək olardı, çünki otaqboyu asanlıqla hərəkət edən baxış bəzən boş divara dirənir.

Yapon mühitinin yaradılmasına 3 amil mane olur.
1. Otaqların birində yerləşdirilmiş plazma ekranı Evronyus kanalını yayır.
2. Restoranda yayımlanan musiqinin Yaponiyaya heç aid deyil.
3. Qonaqlar masa arxasında stulların üstündə yox yerdə otursaydılar daha yaxşı olardı məncə.

Madoda qiymətlər bir qədər yüksəkdir, amma suşi liderliyinə və servisin səviyyəsinə baxanda bu qiymətlərə asanlıqla bəraət qazandırmaq olar. Mado hər cəhətdən müsbət təsir bağışlayır. Sizi bilmirəm amma mən, iqtisadi böhran bitən kimi yenə Madoya baş çəkəcəm.

Qiymətləndirmə

Mühit - 8
Servis - 8
Təmizlik - 9
Dad - 8
Qitmətin uyğunluğu - 8

Ümumi Bal – 8.1

4 comments:

  1. bir dəfə hesabda aldatmaq istədilər.Qalan hər şey yaxşıdır, nəzərə alınsa ki, xeyli xərc töküb Hyatt Regency-nin şef aşbazını transfer ediblər.

    ReplyDelete
  2. o meseleni mende eshidmishem... Hyattdaki shef ashbaz 1033 clubunun daxilinde yerleshen Robata barda idi (deyesen). Ora kapanandan sonra Mado kechdi.

    ReplyDelete
  3. Madoya kechdi yani...

    ReplyDelete
  4. mende orda cox oluram. hesabda hec vaxt aldatmayiblar meni.dushunurem o cur seviyelli restoranin kiminse 4-5 manatina eytiyaci olmaz!

    ReplyDelete